İmişlidə dövlət qulluqçularının peşə bayramı qeyd olunub
23 iyun 2025 | 11:32
Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən, hər il 23 iyun ölkəmizdə “Dövlət qulluqçularının peşə bayramı günü” kimi qeyd olunur. Bu əlamətdar gün dövlət idarəçiliyinin əsas dayağı olan, ölkəmizin inkişafı və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayan dövlət qulluqçularının fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir. Bu münasibətlə iyunun 23-də İmişli rayonunda da silsilə tədbirlər keçirilib, dövlət qulluğunda səmərəli fəaliyyət göstərən əməkdaşların əməyi qiymətləndirilib. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıb. Qeyd olunub ki, dövlət qulluğu vətəndaşlara vicdanla xidmət etmək, qanunçuluğu və ədaləti qorumaq prinsipinə əsaslanır və bu sahədə çalışan hər bir şəxs bu ali vəzifənin məsuliyyətini dərindən dərk etməlidir. Sonda İmişli Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qulluğunda fərqlənən bir qrup əməkdaş “Fəxri Fərman”la təltif edilib.




















