Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib

23 iyun 2026 | 19:21
        İyunun 23-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində “23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirilib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda onun abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib.
      Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
       Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli müvafiq Sərəncamına əsasən hər il iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Rayon rəhbəri bu münasibətlə bütün dövlət qulluqçularını, o cümlədən İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan əməkdaşları təbrik edib, onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, bu gün Azərbaycanın sürətli inkişafı və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi mühüm islahatların nəticəsidir. Prezident İlham Əliyev tərəfindən həmin islahatların uğurla davam etdirilməsi ölkəmizin qüdrətinin daha da artmasına xidmət etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, hazırda respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi formalaşdırılıb, hakimiyyət qollarının səlahiyyətləri dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması istiqamətində zəruri institutlar yaradılıb.
         Digər çıxış edənlər də dövlət qulluğu sahəsində aparılan islahatların və dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu bildiriblər.
      Çıxışlardan sonra bir qrup dövlət qulluqçusu İmişli Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la təltif olunub. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
 
 
 
 
 
 
 
 
Keçidlər