İmişlidə cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası mövzusunda tədbir keçirilib
24 iyun 2026-cı il tarixində İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası” mövzusunda tədbir keçirilmişdir
Tədbir Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.1 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, müvafiq tədbirlərin (sərgilərin və s.) təşkili), 8.5.2 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlərin təşkili) və 8.5.3-cü (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) bəndlərinin icrasını təmin etmək məqsədilə təşkil olunmuşdur.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, Dövlət Məşğulluq Agentliyinin müvafiq regional filialının İmişli rayon xidmət şöbəsinin nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, eləcə də cəzaçəkmə müəssisələrindən azad edilmiş və müsbət iş təcrübəsinə malik şəxslər iştirak etmişlər.
İmişli Rayon İcra Hakimiyyəti rəhbərliyinin çıxışında qeyd olunmuşdur ki, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluğunun təmin edilməsi və onların əmək bazarına inteqrasiyası dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bildirilmişdir ki, belə görüşlərin keçirilməsi və uğurlu təcrübələrin ictimaiyyətə təqdim olunması cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına, həmin şəxslərin sosial adaptasiyasına və əmək bazarında fəal iştirakına müsbət təsir göstərir.
Tədbirdə həmçinin cəzaçəkmə müəssisələrindən azad edilmiş və işlə təmin olunmuş şəxslərin uğurlu fəaliyyətlərinin sosial şəbəkələrdə və digər informasiya platformalarında işıqlandırılmasının, işəgötürənlərin müsbət təcrübələrinin paylaşılmasının bu sahədə mühüm nəticələrə gətirib çıxaracağı vurğulanmışdır. Qeyd edilmişdir ki, maarifləndirmə xarakterli tədbirlər və sosial paylaşımlar keçmiş məhkumların sosial reinteqrasiyasına və onların məşğulluq imkanlarının genişlənməsinə xidmət edir.
Çıxışlar zamanı dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, sahibkarların və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyəti nəticəsində bu istiqamətdə daha uğurlu nəticələrin əldə olunacağına əminlik ifadə edilmişdir.
Dövlət Məşğulluq Agentliyinin müvafiq regional filialının İmişli rayon xidmət şöbəsinin nümayəndəsi çıxışında Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun müvafiq müddəalarına əsasən cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aid edildiyini diqqətə çatdırmışdır. Həmçinin özünüməşğulluq proqramlarının icrası zamanı bu kateqoriyadan olan işsiz şəxslərə üstünlük verildiyi bildirilib və mövcud dəstək mexanizmləri barədə ətraflı məlumat verilmişdir.
Tədbir zamanı cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra işlə təmin edilmiş şəxslər çıxış edərək məşğulluğa cəlb olunmalarının onların həyatında mühüm dönüş nöqtəsi olduğunu qeyd etmişlər. Onlar dövlət tərəfindən yaradılmış məşğulluq imkanlarından faydalanaraq cəmiyyətə inteqrasiya olunduqlarını, sabit işlə təmin edilmələrinin gələcəyə inamlarını artırdığını və bu imkanlardan digər şəxslərin də yararlanmasının vacibliyini vurğulamışlar.
Sonda tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparmış, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun artırılması, onların cəmiyyətə uğurlu reinteqrasiyası və sosial adaptasiyasının gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd etmişlər.






