Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi Rəhim Alışovun xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

21 noyabr 2025 | 18:52
   Bu gün İmişli Rayon Mədəniyyət Mərkəzində Birinci Qarabağ müharibəsinin şəhidi Alışov Rəhim Havar oğlunun əziz xatirəsinə həsr olunmuş “Döyüş tarixdə əbədi qalacaq” adlı tədbir təşkil olunub. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin, rayonun idarə və müəssisələrinin kollektivləri, şəhidimizin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
   Tədbiri giriş sözü ilə açan icra başçısı şəhidimizin keçdiyi şərəfli ömür yolundan danışıb. Bildirib ki, Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə və onların ailələrinə diqqət göstərmək hər birimizin borcudur. Qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlər, filmlər, əsərlər və onların adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımlar şəhidlərimizin ruhuna və onların doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın aydın ifadəsidir. Digər çıxış edənlər şəhid Rəhim Alışovun göstərdiyi igidlikdən bəhs edərək, onun xatirəsinin daim əziz tutulacağını bildiriblər. Şəhidin bacısı Bənövşə Paşayeva çıxışında onun həyat və döyüş yolundan bəhs edərək xatirələrini bölüşüb və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.
   Tədbir Mədəniyyət Mərkəzinin işçilərinin ifasında ədəbi-bədii kompozisiyalar və vətənpərvərlik ruhunda mahnıların səsləndirilməsi ilə başa çatıb.
 
 
 
 
 
 
Keçidlər