İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi Elçin Heydərov dəfn olunub
31 oktyabr 2025 | 16:11
Oktyabrın 31-də Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Heydərov Elçin Ağamməd oğlunun nəşi İmişli rayonunun Oruclu kəndində yerləşən qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kollektivləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Mərasimdə şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən bütün qəhrəmanların xatirəsi ehtiramla yad edilib, mərasim iştirakçıları şəhid ailəsinə səbir və dözüm arzulayıblar. Dəfn mərasimi zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. İcra başçısı Elçin Rzayev çıxış edərək qeyd edib ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, dövlətimiz Birinci Qarabağ müharibəsində itkin düşən hər bir vətəndaşın taleyinin və kimliyinin müəyyənləşdirilməsi məsələsinə son dərəcə ciddi yanaşır və bu istiqamətdə bütün mümkün və zəruri addımlar atılır. Həmçinin Azərbaycanın igid, qəhrəman oğullarının döyüş meydanlarında göstərdiyi şücaətlərdən və Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan düşmən üzərində tarixi qələbə qazanaraq ilahi ədaləti bərpa edib, 30 illik Vətən həsrətinə son qoyub. Vurğulayıb ki, hazırda işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, soydaşlarımız doğma Qarabağ torpaqlarında azad və təhlükəsiz şəraitdə yaşamağa başlayıblar.
Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Elçin Heydərov 12 yanvar 1994-cü il tarixində Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə iştirak edib və həmin əməliyyatlar zamanı itkin düşüb.
Allah rəhmət eləsin!






