İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub
13 may 2024 | 18:20
Mayın 13-də Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayılov Siyavuş Eldar oğlunun meyitinin qalıqları İmişli rayonunun Göbəktala kəndində yerləşən qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində şəhidin doğmaları, şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının, rayonun hüquq-mühafizə, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, onların kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. İcra başçısı Elçin Rzayev təsəlli olaraq şəhidimizin oğlu Samir İsmayılova cənazəyə bükülən Dövlət bayrağını təqdim edib. Qeyd edib ki, 30 il keçməsinə baxmayaraq dövlətimiz I Qarabağ müharibəsində itkin düşən hər bir vətəndaşın kimliyinin müəyyənləşdirilməsi məsələsinə ciddi yanaşır, bu istiqamətdə bütün mümkün və zəruri addımları atır. Bildirib ki, torpaqlarımızın azadlığı, suverenliyimizin təmin olunması, sərhədlərimizin müdafiəsi uğrunda şəhid olan hər bir vətən övladının xatirəsi daim uca tutulur, şəhid ailələrinin bütün qayğı və problemlərinə həssas yanaşılır, həlli istiqamətində bütün imkanlar səfərbər edilir. Şəhidimizin ailə üzvləri bildiriblər ki, 30 ildir heç bir xəbər almadan hər gün yolunu gözlədikləri, ziyarət edə biləcəkləri məzarları belə olmayan övladlarının həsrətinə məhz dövlətin gücü sayəsində son qoyulub. Şəhid ailəsinin üzvləri bu rahatlığı onlara yaşadan prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, Siyavuş İsmayılov 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndində gedən döyüş əməliyyatlarında iştirak etmiş və döyüşlər zamanı itkin düşmüşdür.
Allah rəhmət eləsin!