İmişlidə baharın gəlişi münasibətilə bayram tədbiri keçirilib
17 mart 2026 | 13:47
Martın 17-də İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi və həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruz şənliyində şəhid ailələri, rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər. Şənlik başlamamışdan öncə bayram tonqalı qalanıb, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar sərgilənib, yeniyetmə və gənc idmançılar tərəfindən müxtəlif idman nümunələri nümayiş etdirilib.
Sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edib, onlara möhkəm can sağlığı, xoş ovqat və bol ruzi-bərəkət arzulayıb. İcra başçısı, Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd olunması tarixi köklərə qayıdışın parlaq nümunəsi olmuşdur. O, Ulu Öndərin siyasi kursuna sadiq qalan Prezident cənab İlham Əliyevin Novruz bayramına xüsusi diqqət göstərdiyini, hər il bu bayram münasibətilə xalqı təbrik etdiyini, keçirilən el şənliklərində iştirak edərək bayram sevincini xalqla bölüşdüyünü bildirib. Qeyd edib ki, aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqları məlumatlıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edildiyini diqqətə çatdırıb. Sonda başçı rayon sakinlərinin timsalında bütün Azərbaycan xalqını qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə ürəkdən təbrik edərək onlara möhkəm sağlamlıq, uzun ömür, ailələrinə sevgi və xoşbəxtlik arzulayıb.
Tədbirin rəsmi hissəsində çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd edib ki, ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını daha da möhkəmləndirir.
Şənlik Mədəniyyət işçilərinin ifalarında bir-birindən gözəl xalq musiqilərimizin, Novruz mərasimlərinin, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələrin səsləndirilməsi ilə davam etdirilib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları sakinlərdə xoş ovqat yaradıb.








































