İmişlidə asfaltlaşma işləri davam etdirilir
09 avqust 2022 | 12:57
İmişli rayonunun avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri davam etdirilir. Növbəti asfaltlaşma işləri rayonun Cavadxanlı kənd məscidinə və qəbiristanlığına gedən yolda aparılıb. Uzun illərdir istismar olunan yolda avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranırdı. Aparılan əsaslı təmir işlərindən sonra əvvəllər mövcud olan problem öz müsbət həllini tapıb. Belə ki, əraziyə 3600 kv.metr asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilib.
Qeyd edək ki, İmişlinin avtomobil yollarında aparılan bu işlər müntəzəm xarakterlidir və hazırda nəzərdə tutulan digər ərazilərdə yeni asfalt örtük qoyulması üçün hazırlıqlara başlanılıb.