Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

03 noyabr 2026 | 21:02
    Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişli rayonunda “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
   İmişli ASAN Xidmət Mərkəzində keçirilən tədbirin rəsmi açılışında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər.
  İcra başçısı Elçin Rzayev çıxışında rayonda kənd təsərrüfatının mövcud vəziyyətindən, aqrar sektorun yerli iqtisadiyyatda rolundan, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətindən bəhs edib. O, aqrar sahədə dövlət dəstəyi imkanları barədə məlumatlılığın artırılmasının vacibliyini vurğulayıb.
Nazir müavini Seymur Səfərli çıxışında kənd təsərrüfatının inkişafı baxımından “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin istehsalı və emalının inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edib, sənəddə nəzərdə tutulan əsas hədəf və prioritetlər barədə məlumat verib.
   Anar Cəfərov aqrar sahədə tətbiq olunan dövlət dəstəyi mexanizmləri, fermer və sahibkarların bu imkanlar barədə məlumatlandırılması, eləcə də dövlət qurumları ilə istehsalçılar arasında birbaşa ünsiyyətin əhəmiyyəti barədə danışıb.
  Panel müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölmələrinin, Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin və “Unibank” ASC nümayəndələri iştirak ediblər.
   Müzakirələr zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üzrə Dövlət Proqramı”nın əsas hədəf və prioritetləri, Aqrar Subsidiya Şurasının yeni qərarları, sığorta mexanizmləri, toxumçuluq fəaliyyəti, eləcə də fermer və sahibkarlar üçün mövcud güzəştli kredit imkanları nəzərdən keçirilib.        Qida təhlükəsizliyi sahəsində mövcud tələblər və AQTA-nın fəaliyyət istiqamətləri barədə də məlumat verilib.
Tədbir zamanı fermer və sahibkarları maraqlandıran suallar dinlənilib, qaldırılan məsələlər aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb.
Panel müzakirəsi aqrar sahədə dövlət dəstəyi mexanizmlərinin birbaşa istehsalçılara çatdırılması, onların mövcud imkanlar barədə məlumatlandırılması və qarşılaşdıqları məsələlərin aidiyyəti qurumlarla müzakirəsi baxımından əhəmiyyət daşıyıb.
     Eyni zamanda İmişli ASAN Xidmət Mərkəzinin binasında toxum sərgi-satış yarmarkası da təşkil olunub. Yarmarkada özəl şirkətlər və fərdi toxumçular tərəfindən bölgənin iqlim və torpaq şəraitinə uyğun toxum sortları nümayiş etdirilib. İştirakçılar təqdim olunan toxumlarla tanış olmaq və onları əldə etmək imkanı qazanıblar.
 
 
Keçidlər