İmişlidə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd olunub
28 aprel 2023 | 15:17
Bu gün İmişli rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar rayonun Heydər Əliyev Mərkəzində “Qaranlığa nur saçan zəka ” adlı tədbir keçirilib. Tədbirdə İmişli RİH başçısı Elçin Rzayev, Milli Məclisin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, YAP İmişli rayon təşkikatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzində Zərifə xanım Əliyevanın mənalı ömür yolu, elmi və akademik fəaliyyəti haqqında çıxışlar dinlənilib. Çıxışlar başlamamışdan öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildirib ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisi canlanır. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilər olduğu vurğulanıb. Onun təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacağı diqqətə çatdırılıb.
Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolu və fəaliyyətini əks etdirən videoçarx və mədəniyyət işçilərinin ifalarında bədii kompozisiyalar nümayiş olunub.