İmişlidə ailədaxili mübahisələrin həllində mediasiyanın rolu ilə bağlı maarifləndirici tədbir keçirilib
Ailədaxili mübahisələrin həllində mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi, bu sahədə əhalinin məlumatlandırılması və mediasiyanın imkanları barədə ictimai maarifləndirmənin artırılması məqsədilə İmişli Rayon Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, Sabirabad 1 saylı Mediasiya Təşkilatının mediatoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin və İmişli Rayon Heydər Əliyev Mərkəzinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı ailədaxili mübahisələrin həllində mediasiyanın rolu və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, mediasiya tərəflər arasında yaranan mübahisələrin qarşılıqlı anlaşma və razılaşma yolu ilə həllinə, mübahisələrin sülh yolu ilə tənzimlənməsinə və ailə münasibətlərində yaranan problemlərin qarşılıqlı dialoq əsasında aradan qaldırılmasına imkan yaradır.
Həmçinin iştirakçılara mediasiya xidmətlərinin tətbiqi, mediasiyaya müraciət qaydaları və bu prosesin tərəflər üçün yaratdığı imkanlar barədə izahat verilib, ailədaxili mübahisələrin məhkəməyə müraciət edilmədən qarşılıqlı razılaşma yolu ilə həllinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda iştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.






