İmişlidə 8 Noyabr – Zəfər Gününün beşinci ilinə həsr olunmuş ziyafət tədbiri keçirilib
08 noyabr 2025 | 21:20
İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci ilinə həsr olunmuş ziyafət tədbiri keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə açan icra başçısı bildirib ki, Azərbaycan xalqı 44 gün ərzində bütün dünyaya gücünü, iradəsini və sarsılmaz birliyini nümayiş etdirdi. O vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalq–dövlət birliyinin möhkəmliyi nəticəsində ölkəmiz təkcə torpaqlarını işğaldan azad etmədi, həm də tarixin yaddaşına qızıl hərflərlə yazılan möhtəşəm Zəfər salnaməsi yaratdı. Başçı çıxışında Bakıda keçirilmiş möhtəşəm Zəfər Paradını xatırladaraq bu paradın Azərbaycan xalqının dövlətçilik qürurunun, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsinin parlaq təcəssümü olduğunu bildirib.
Ziyafət tədbiri İmişli Rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqili proqramla davam edib. Səhnədə səslənən hər bir ifa qələbə sevincini, eyni zamanda şəhidlərimizin əziz xatirəsinə olan dərin ehtiramı ifadə edib.



























