Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub

06 oktyabr 2025 | 18:47
   5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə İmişli rayonunda tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Giriş nitqi ilə çıxış edən icra başçısı müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onların cəmiyyətin inkişafında, gənc nəslin vətənpərvər, bilikli və məsuliyyətli vətəndaş kimi formalaşmasında əvəzsiz rol oynadıqlarını vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev müəllim əməyinə hər zaman yüksək dəyər verərək deyirdi: “Mən yer üzündə müəllim adından yüksək ad tanımıram.” Bu sözlər təkcə müəllim peşəsinə olan dərin hörmətin ifadəsi deyil, həm də bu peşəyə verilən strateji önəmin göstəricisidir. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam və inkişaf etdirilir. O, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə müasir məktəb binalarının inşa olunduğunu, tədris mühitinin yeniləndiyini və müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlərin həyata keçirildiyini diqqətə çatdırıb.
   Daha sonra Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək müəllimlərin fədakar əməyindən, təhsil sahəsində aparılan islahatlardan və gənc nəslin inkişafında müəllimlərin mühüm rolundan danışıblar.
   Sonda təhsilin inkişafında səmərəli fəaliyyətinə və gənclərin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə bir qrup fəal müəllim RİH başçısının Fəxri Fərmanı ilə təltif edilib, tədbir müzakirələrlə yekunlaşıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər