İmişlidə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə bağlı tədbir keçirilib
06 mart 2025 | 18:19
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Gənclər və İdman İdarəsinin nümayəndələri, məşqçi-müəllimlər, idmançılar, müxtəlif yarışların qalibləri iştirak ediblər.
Öncə İmişli Olimpiya İdman Kompleksinin həyətində müxtəlif idman oyunları nümayiş olunub. Tədbirdə çıxış edən icra başçısı idmançıları “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Bildirib ki, prezident cənab İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Digər çıxış edənlər ölkəmizdə idmanın inkişafı üçün yaradılmış hərtərəfli şəraitdən razı qaldıqlarını ifadə edərək prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rayon rəhbəri tərəfindən bu sahədə naliyyəti olan şəxslər “Fəxri Fərman”la mükafatlandırılıb.















