İmişlidə “44 gün – Tarixi zəfər” adlı kitabın IV cildinin təqdimatı keçirilib
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı kitabın IV cildinin təqdimatı keçirilib.
İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İltizam Quliyev, Xatirə Kitabı Redaksiyasının əməkdaşları, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi qələbəsindən danışıblar və bu qələbəni bizlərə yaşadan qəhrəman şəhidlərimizin xatirələrinin daim uca tutulacağını bildiriblər. Qeyd olunub ki,onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına, and yerinə çevrilib.
Şəhid ailələri göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid ailələrinə “44 gün – Tarixi zəfər” kitabının IV cildi hədiyyə olunub.






