İmişlidə “27 Sentyabr – Anım Günü” ilə əlaqədar Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
27 sentyabr 2024 | 14:36
Bu gün İmişli rayonunun Şəhidlər Xiyabanında “27 sentyabr - Anım Günü” ilə bağlı ümumrayon tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, İmişli RİH başçısı Elçin Rzayev, millət vəkili Səyyad Salahlı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, qazilər, rayon ictimaiyyəti və sakinlər iştirak ediblər. İştirakçılar əvvəlcə şəhidlərimizin məzarlarına, sonra “Şəhidlər” abidəsinin, həmçinin “Qələbə” abidə kompleksinin önünə gül-çiçək dəstələri düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər. Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən icra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyərək, hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Bundan əlavə o, 2023-cü ilin 19 sentyabrında Xankəndi şəhəri ətrafında 23 saat 43 dəqiqə həyata keçirilən antiterror tədbirlərində heç bir mülki şəxsə ziyan vermədən, xəsarət yetirmədən separatçı və işğalçı qüvvələrin ağ bayraq qaldıraraq təslim edildiyini, bununla da Azərbaycanın suverinliyinin, ərazi bütövlüyünün tam təmin olunduğunu vurğulayıb. Digər çıxış edənlər Vətən müharibəsində Azərbaycan xalqının sözün həqiqi mənasında birlik nümayiş etdirərək böyük zəfərə nail olduğunu və bu qələbənin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.
Saat 12:00-da isə respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.