Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 27 sentyabr - Anım Günü dərin ehtiramla qeyd olunub

27 sentyabr 2025 | 18:07
    Bu gün İmişli rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 sentyabr – Anım Günü qeyd olunub. Tədbirdə şəhid ailələri, İmişli RİH başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, qazilər, rayon ictimaiyyəti və sakinlər iştirak ediblər. İştirakçılar əvvəlcə şəhidlərimizin məzarlarını və “Şəhidlər” abidəsini ziyarət edərək ruhlarına dualar oxuyublar, önünə gül-çiçək dəstələri düzərək igid Vətən oğullarına ehtiramlarını bildiriblər. Daha sonra şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb. Mərasim başlamamışdan öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
    Mərasimi giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxışında bildirib ki, 27 Sentyabr — Anım Günü Vətən uğrunda canından keçmiş igid övladlarımıza olan dərin ehtiramın, qürurun və minnətdarlığın təcəssümüdür. Qeyd edib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əzmkarlıq və rəşadət göstərərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Bu tarixi Qələbədə şəhidlərimizin canı, qazilərimizin qanı var və onların hər biri xalqımızın yaddaşında daim yaşayacaq. “Elə bir zirvə var ki, bütün yüksəkliklərdən ucadır – bu, Şəhidlik zirvəsidir. Bu müqəddəs zirvəyə yalnız ali amallar uğrunda döyüşən, Vətən və xalq yolunda canından keçən igidlər ucalırlar. Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq bütün dünyaya nümunə oldu”, – deyə icra başçısı vurğulayıb. O, həmçinin diqqətə çatdırıb ki, 2023-cü ilin 19 sentyabrında Xankəndi şəhəri ətrafında 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində heç bir mülki şəxsə ziyan dəymədən, xəsarət yetirilmədən separatçı və işğalçı qüvvələr ağ bayraq qaldıraraq təslim olublar. Bununla da Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin edilib.       
  Digər çıxış edənlər Vətən müharibəsində Azərbaycan xalqının sözün həqiqi mənasında birlik nümayiş etdirərək böyük zəfərə nail olduğunu və bu qələbənin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.
  Çıxış edən şəhid valideynləri də qürur və iftixar hissi ilə bildiriblər ki, bu möhtəşəm qələbə xalqımızın həmrəyliyi və milli birliyi sayəsində əldə edilib. Onlar qeyd ediblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər və bütün xalqımız əzm, iradə və sarsılmaz birlik nümayiş etdirib.
  Saat 12:00-da isə respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər