İmişlidə 21.10.2026-cı il tarixdə əmək yarmarkası baş tutub
21 oktyabr 2026 | 18:10
Bu gün İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Məşğulluq filialının məsul işçiləri, eləcə də işəgötürənlər və işaxtaran vətəndaşlar iştirak ediblər.
Əmək yarmarkası əhalinin məşğulluğunun təmin edilməsi, işsiz və işaxtaran şəxslərin münasib işlə təmin olunması, eləcə də işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər ölkədə həyata keçirilən aktiv məşğulluq siyasətinin tərkib hissəsi olmaqla, vətəndaşların iş imkanlarının genişləndirilməsinə və məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Yarmarka çərçivəsində təqdim olunan vakansiyalarla maraqlanan işsiz və işaxtaran şəxslərin müraciətləri qəbul edilib, anket məlumatları toplanaraq nəzərdən keçirilib. Müraciət edən şəxslərin müvafiq vakansiyalar üzrə işlə təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Qeyd edək ki, əmək yarmarkasında 15 müəssisə üzrə 100-dən çox vakansiya təqdim edilib. Tədbirin əsas məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarını genişləndirmək, onların əmək bazarına çıxışını asanlaşdırmaq və işəgötürənlərlə birbaşa əlaqələrini təmin etməkdir.






