Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 20.10.2026-cı il tarixdə Energetiklərin Peşə Bayramı qeyd edilib

20 oktyabr 2026 | 15:16
    20 oktyabr – Azərbaycan energetiklərinin Peşə Bayramı Günü münasibətilə İmişli rayonunda tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aran Regional Enerji Təchizatının Satışı İdarəsinin müdiri Zülfü Ağayev, Aran RETSİ-nin İmişli Elektrik Şəbəkəsinin müdiri Emil Bədəlov, “Azərenerji” ASC-nin İmişli Regional Elektrik Şəbəkəsinin rəisi Şəhriyar Hüseynzadə həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
    Giriş nitqi ilə çıxış edən icra başçısı energetikləri peşə bayramı münasibətilə təbrik edərək, onların ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadıqlarını vurğulayıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, 1981-ci il oktyabrın 20-də Azərbaycan İstilik Elektrik Stansiyasının birinci enerji bloku Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə oktyabrın 20-si “Energetiklər Günü” kimi təsis edilib. Bu qərar dövlətin energetika sahəsində çalışan insanların əməyinə verdiyi yüksək qiymətin bariz göstəricisidir.
   Bildirib ki, energetika sektoru müasir dövrdə milli təhlükəsizliyin, iqtisadi sabitliyin və sosial rifahın əsas dayaqlarından biridir. Azərbaycan dövləti bu sahəni daim prioritet istiqamət kimi qiymətləndirib. Son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar da energetika sektoruna göstərilən yüksək diqqəti və müəyyənləşdirilmiş prioritetlərin ardıcıl şəkildə həyata keçirildiyini təsdiqləyir. O, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük qayıdış və yenidənqurma mərhələsinin başlandığını diqqətə çatdırıb. Qeyd edib ki, minalarla çirklənmiş ərazilərdə ilk növbədə enerji infrastrukturu yaradılıb, qısa müddət ərzində yeni elektrik yarımstansiyaları inşa edilib, yüksəkgərginlikli elektrik xətləri çəkilib və müasir texnologiyalara əsaslanan enerji sistemləri qurulub. Bu işlər yalnız texniki layihələrin icrası deyil, həm də azad edilmiş ərazilərin dirçəlişinin və həmin torpaqlarda həyatın bərpasının mühüm tərkib hissəsidir.
   Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət ölkəmizin daha da güclənməsinə və qüdrətlənməsinə xidmət edir. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mühüm proqramlar hazırlanaraq ardıcıl şəkildə həyata keçirilir.
   Digər çıxış edənlər energetika sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin regionlarda sabit enerji təchizatını təmin etdiyini, bunun da əhalinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd ediblər. Onlar bütün energetikləri peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzulayıblar.
    Sonda öz sahələrində göstərdikləri səmərəli fəaliyyətə görə bir qrup fəal energetik İmişli Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. Tədbir səmimi təbriklər və qarşılıqlı müzakirələrlə yekunlaşıb.
Keçidlər