İmişlidə 2 iyul – Azərbaycan Polisi Günü qeyd olunub
02 iyul 2024 | 12:02
Bu gün İmişlidə “2 İyul – Azərbaycan Polisi günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyev, İmişli rayon prokuroru Valeh Səmədov, İmişli rayon Məhkəməsinin sədri Zaur Pirverdiyev, digər hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak ediblər. İştirakçılar öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin İmişli şəhərində adını daşıdığı istirahət parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin parlaq xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir Ulu Öndər və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Öncə İmişli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyev daxili işlər naziri Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. O, respublikada sabitliyin təmin olunmasında, asayişin və təhlükəsizliyin mühafizəsində, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayıb. Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev əlamətdar bayram münasibəti ilə polis işçilərini təbrik edib, Azərbaycan polisinin tarixi yolundan, onun inkişafında, kadrların yetişdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan, onun layiqli davamçısı prezident cənab İlham Əliyevin Daxili İşlər Nazirliyinə diqqət və qayğısından danışıb. Digər çıxış edənlər dövlətçiliyimizin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması kimi müqəddəs işlərində polis işçilərinə uğurlar arzulayıblar. Tədbirin gedişatında xidmətdə fərqlənən bir qrup polis əməkdaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri Fərman”la təltif olunub, polis işçilərinə növbəti polis rütbələri təqdim edilib, həmçinin veteran polislərə və xidmətdə fərqlənən polis işçilərinə pul mükafatları verilib. Tədbirin sonunda Polis günü münasibətilə bütün Azərbaycan polisləri, o cümlədən rayon Polis şöbəsinin əməkdaşları bir daha təbrik edilib, onlara möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulanıb.