Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir təşkil olunub

02 iyul 2025 | 12:13
   Bu gün İmişlidə “2 İyul – Azərbaycan Polisi günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, İmişli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyev, İmişli rayon prokuroru Valeh Səmədov, İmişli rayon Məhkəməsinin sədri Zaur Pirverdiyev, digər hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak ediblər. İştirakçılar öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin İmişli şəhərində adını daşıdığı istirahət parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin parlaq xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir Ulu Öndər və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
   Öncə İmişli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyev daxili işlər naziri Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. O, respublikada sabitliyin təmin olunmasında, asayişin və təhlükəsizliyin mühafizəsində, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayıb. Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev əlamətdar gün münasibəti ilə polis işçilərini təbrik edib, Azərbaycan polisinin tarixi yolundan, onun inkişafında, kadrların yetişdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan, onun layiqli davamçısı prezident cənab İlham Əliyevin Daxili İşlər Nazirliyinə diqqət və qayğısından danışıb. Digər çıxış edənlər dövlətçiliyimizin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması kimi müqəddəs işlərində polis işçilərinə uğurlar arzulayıblar. Tədbirin gedişatında bir qrup polis əməkdaşına növbəti polis rütbələri təqdim edilib, həmçinin xidmətdə fərqlənən polis işçilərinə pul mükafatları verilib. Tədbirin sonunda Polis günü münasibətilə bütün Azərbaycan polisləri, o cümlədən rayon Polis şöbəsinin əməkdaşları təbrik olunub, onlara uğurlar arzulanıb və yekunda xatirə şəkli çəkilib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər