İmişlidə 18.09.2026-cı il tarixdə FHN-nin Muğan Regional Mərkəzi tərəfindən kompleks mülki müdafiə təlimi keçirilib
18 sentyabr 2026 | 18:55
Sentyabrın 18-də İmişli Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə İmişli rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - Rayon Fövqəladə Hallar Komissiyasının sədri Mirzə Quliyev, FHN-in Muğan Regional Mərkəzinin rəis müavini polkovnik – leytenant Orxan Bağırov çıxış edərək, ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin vacibliyini diqqətə çatdırıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi təmin edilib.
Kompleks mülki müdafiə təliminə ümumilikdə 196 nəfərdən ibarət şəxsi heyət və 42 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
















