İmişlidə 15.04.2026-cı il tarixdə əmək yarmarkası baş tutub
15 aprel 2026 | 13:09
İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15.04.2026-cı il tarixdə əmək yarmarkası keçirilib. Yarmarkada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Məşğulluq filialının məsul işçiləri, eləcə də işəgötürənlər və işaxtaran vətəndaşlar iştirak ediblər.
Yarmarka başlamazdan əvvəl icra başçısı çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər qazanıb. Qeyd edib ki, Prezidentin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu, milli iqtisadiyyatın dinamik inkişafı fonunda sosial sahənin davamlı inkişafına, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişlənməsinə, vətəndaş məmnunluğunun artmasına geniş imkanlar yaradır. Həmçinin bildirib ki, rayonumuzda keçirilən əmək yarmarkası əhalinin məşğulluğunun təmin olunması istiqamətində dövlətin növbəti dəstəyidir. Yarmarkanın əsas məqsədinin işsiz və işaxtaran şəxslərlə işəgötürənlər arasında birbaşa əlaqə yaratmaq olduğunu diqqətə çatdırıb. Bu cür tədbirlərin məşğulluğun artırılmasında mühüm rol oynadığını qeyd edərək iştirakçıları fəal olmağa dəvət edib.
Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən anket məlumatları qəbul edilərək nəzərdən keçirilib, onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.
Qeyd edək ki, əmək yarmarkasında 18 müəssisə üzrə 100-yə yaxın vakansiya təqdim edilib.


















