İmişlidə “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş konfrans keçirilib
13 iyun 2025 | 10:24
İyunun 13-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş “Heydər Əliyev xalqımızın xilaskarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan istirahət parkına gələrək abidəsi önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ulu Öndərin zəngin və şərəfli ömür yolunu, dövlətçilik fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. Konfransı giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, 15 iyun təkcə bir tarix deyil, Azərbaycanın müstəqil dövlət kimi varlığının və inkişaf yolunun əsasını qoyan dönüş nöqtəsidir. O qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin xaosdan, parçalanmadan xilas olunmasına səbəb olub və sabit, dayanıqlı inkişafın əsası qoyulub. Digər çıxış edənlər də Milli Qurtuluş Gününün əhəmiyyətindən, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar. Bildirilib ki, bu müdrik siyasət Azərbaycanın həm daxili sabitliyinin, həm də beynəlxalq nüfuzunun əsas dayağıdır. Çıxışlardan sonra konfrans öz işini yekunlaşdırıb.