İmişlidə “15 iyun - Milli Qurtuluş Günü” qeyd olunub.
12 iyun 2024 | 17:57
İyunun 12-də İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan inkişafa: Müdrik siyasətin uğurlu nəticələri” adlı konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı istirahət parkında abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Parkın ərazisində təşkil olunan rəsm sərgisinə, Heydər Əliyev Mərkəzində isə kitab sərgisi və Ulu Öndərin stendinə baxış keçirilib. Konfrans başlamamışdan öncə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayon ictimaiyyəti iştirak ediblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Bu gün ümummilli liderimizin siyasi kursu onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir. Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdir ki: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır. Çıxışlardan sonra konfrans öz işini yekunlaşdırıb.