İmişlidə 05.06.2025-ci il tarixdə qanvermə aksiyası keçirilib
05 iyun 2025 | 18:21
İyunun 5-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Respublika Qan Bankı” PHŞ-nin dəstəyi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada İmişli Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri fəal iştirak ediblər. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə keçirilən aksiyada xüsusi tibb briqadasının həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini əvvəlcədən yoxlayaraq qan analizləri götürüblər. Yalnız tibbi baxışdan keçən və tam sağlam olan şəxslərdən qan qəbul olunub. Toplanan qan ehtiyatı yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə ediləcək.
Aksiyada iştirak edənlər bu təşəbbüsü yüksək qiymətləndirərək, belə xeyirxah və humanist tədbirlərdə iştirak etməyin vətəndaşlıq borcu olduğunu vurğulayıblar.