İmişlidə 04.11.2026-cı il tarixində “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib
04 noyabr 2026 | 20:45
Noyabrın 4-də İmişli rayon “ASAN xidmət” mərkəzində “8 Noyabr – Zəfər Günü” münasibətilə “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə fərqlənərək “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan Əliquliyev Nəsimi Vəzir oğlu, 2016-cı il döyüşləri, Vətən müharibəsi və Antiterror əməliyyatlarında iştirak etmiş, “Şücaətə görə”, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş polkovnik-leytenant Cahangirov Mənsur Vahid oğlu, Birinci Qarabağ müharibəsinin iştirakçısı Cəfərov Mircəfər Əhməd oğlu, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıdığını, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı parlaq Qələbənin xalqımızın birliyinin və milli ruhunun təntənəsi olduğunu vurğulayıblar. Görüş zamanı döyüşlərdə iştirak edən qəhrəmanlarımız döyüş xatirələrini bölüşərək, gənclərə Vətənə sədaqət, torpağa bağlılıq və qəhrəmanlıq nümunələri haqqında danışıblar. Onların xatirələri gənclər tərəfindən böyük maraqla dinlənilib. Tədbir iştirakçıları müharibə iştirakçılarına Vətən qarşısında göstərdikləri fədakarlığa, eləcə də gənclərlə apardıqları səmimi və vətənpərvərlik ruhunda söhbətlərə görə dərin minnətdarlıq ifadə ediblər.






