İmişli şəhərində çoxmənzilli yaşayış binalarının dam örtüklərində aparılan yenilənmə işləri başa çatdırılıb
06 mart 2024 | 17:57
İmişlidə rayonunda bütün sahələrlə yanaşı əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. İmişli şəhərinin “Meliorator” yaşayış məntəqəsində yerləşən çoxmənzilli yaşayış binalarında, inşa olunduğu vaxtdan dam örtüklərində təmir-bərpa işləri aparılmaması ilə əlaqədar mənzillərin yağış sularına məruz qalması halları yaşayışçıların problemlərinə səbəb olurdu. Artıq bu problem öz həllini tapıb. Belə ki, mövcud vəziyyət nəzərə alınaraq qeyd olunan yaşayış məntəqəsinin 12, 13 və 14 saylı binalarının dam örtüklərində taxta materialların elementləri dəyişdirilib və müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə yeni dam örtükləri qoyulub. Ümumilikdə sözügedən binalarda 2550 kv.metr dam örtüyü yenisi ilə əvəz edilib. Bu hal binalarda yaşayan 48 ailənin mənzil-məişət şəraiti üçün normal vəziyyət yaranmasına səbəb olub.
Qeyd edək ki, İmişli şəhərinin digər ərazilərindəki çoxmənzilli yaşayış binalarının dam örtüklərində yenilənmə işlərinin aparılması istiqamətində müvafiq tədbirlər nəzərdə tutulub.