İmişli şəhərində çoxmənzilli yaşayış binalarının dam örtükləri müasir standartlara uyğun yenilənib
07 fevral 2026 | 12:58
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi, İmişlidə də bütün sahələrlə yanaşı, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. Belə ki, İmişli şəhərinin Meliorator qəsəbəsində yerləşən 1, 2 və 11 nömrəli çoxmənzilli yaşayış binalarının dam örtüklərində müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə əsaslı təmir işləri yekunlaşıb. Ötən əsrin 70-80-cı illərində inşa olunmuş çoxmənzilli yaşayış binalarının dam örtükləri istismara verildiyi vaxtdan təmir-bərpa işləri aparılmaması ilə əlaqədar mənzillərin yağış sularına məruz qalması halları sakinlər üçün ciddi problemlər yaradırdı. Bu səbəbdən də sözügedən binalarda dam örtüklərinin yenilənməsi məqsədəuyğun hesab edilib. Artıq bu problem tam olaraq aradan qaldırılıb və görülən işlər sakinlərin sevincinə səbəb olub. Ümumilikdə qeyd olunan binalarda 2580 kv.metr dam örtüyü yenisi ilə əvəz olunmuşdur.
Qeyd edək ki, gələcəkdə İmişli şəhərinin digər ərazilərində yerləşən çoxmənzilli yaşayış binalarının dam örtüklərində də əsaslı təmir işlərinin aparılması istiqamətində müvafiq tədbirlər nəzərdə tutulub.
(Binaların əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
















