İmişli şəhər stadionu əsaslı təmirdən sonra idmançıların istifadəsinə verilib
12 aprel 2023 | 19:50
Uzun müddətdir ki, istifadəsiz qalmış və idman yarışları keçirilməmiş Heydər Əliyev adına İmişli Şəhər Stadionu məhz bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində əsaslı təmirindən sonra öz fəaliyyətini yenidən bərpa edərək “İmişli FK” və “Qarabağ 2” futbol klublarının yarışına ev sahibliyi edib. Təmirdən sonra ilk futbol yarışının keçirildiyi açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, veteran və gənc idmançılar iştirak ediblər. Açılış mərasimində çıxış edən RİH başçısı Elçin Rzayev, şəhər stadionunda aparılan əsaslı təmir işləri və futbol meydançasınının qazon örtüyünün bərpa olunaraq yarışlar üçün yararlı vəziyyətə gətirilməsi haqqında məlumat verib. Eyni zamanda sözügedən ərazidə digər lazımi təmir-bərpa işlərinin də aparıldığını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin göstərdiyi qayğı nəticəsində idman sahəsində də sürətli inkişaf baş verdiyini, gənclərimizin vətənpərvərlik ruhunda və sağlam böyüməsi üçün hər bir şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində idmanın maddi-texniki bazası getdikcə güclənir, müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, stadionlar və digər idman qurğuları inşa edilir. Dövlətimizin başçısının yüksək diqqət və qayğısının nəticəsidir ki, ölkəmizdə ən yüksək standartlara cavab verən idman infrastrukturu formalaşdırılıb, idmançılarımız mötəbər beynəlxalq turnirlərdə parlaq qələbələr qazanırlar. Son illərdə ölkəmizin ən mötəbər yarışlara ev sahibliyi etməsi Azərbaycanın dünyada idman dövləti kimi tanınmasının göstəricisi olduğunu vurğulayıb.
Daha sonra hər iki komandaya uğurlar arzu edərək yeni istifadəyə verilən stadionda azərkeşlərlə birlikdə “İmişli FK” və “Qarabağ 2” komandalarının görüşünü izləyiblər. Gərgin mübarizə şəraitində keçən yarışda “Qarabağ 2” futbol komandası həlledici oyunda rəqib komandaya 1:0 hesabı ilə üstün gələrək qalib olublar.