İmişli RİH yanında İctimai Şuranın sakinlərlə görüşü baş tutub
01 avqust 2022 | 16:07
İmişli RİH yanında İctimai Şura 29 iyul 2022-ci il tarixində Şuranın “Tədbirlər Planı”na uyğun olaraq rayonun Əliqulular kəndində sakinlərlə görüş keçirib. Görüşdə RİH yanında İctimai Şuranın sədri və üzvləri, əlaqədar xidmət təşkilatlarının əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Vaqif Vəliyev çıxış nitqində qeyd edib ki, demokratik prinsiplərlə idarə olunan dövlətdə vətəndaş cəmiyyətinin rolu böyükdür və “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn ictimai şuranın məqsədi Azərbaycan vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır. İctimai iştirakçılığın məqsədindən danışan digər şura üzvləri vətəndaşların mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, onlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili sahəsində şuranın iş prinsipindən danışıblar.
Daha sonra kənd sakinlərini narahat edən məsələlər barəsində şura üzvləri ilə birlikdə kənd sakinləri və xidmət təşkilatlarının əməkdaşları arasında müzakirələr aparılıb və məsələlərin həlli prosesi aidiyyatı dövlət təşkilatları tərəfindən nəzarətə götürülüb.