İmişli rayonunun Məzrəli kəndində Yel çərşənbəsi münasibətilə bayram tədbiri keçirilib
10 mart 2026 | 18:07
Martın 10-da İmişli rayonunun Məzrəli kəndində Yel çərşənbəsi münasibətilə “Yelin səsi, Baharın müjdəsi” adlı konsert proqramı təşkil olunub. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə icra başçısı çərşənbə tonqalını yandıraraq tədbir iştirakçıları ilə birlikdə qədim milli adət-ənənələrimizi əks etdirən eksponatlara və bayram adətlərini nümayiş etdirən sərgiyə baxış keçirib. Tədbirin rəsmi hissəsində çıxış edənlər qeyd ediblər ki, Novruzun müjdəçilərindən biri olan Yel çərşənbəsi təbiətin oyanışını, baharın gəlişini, yeniliyin və ümidin başlanğıcını simvolizə edən əlamətdar günlərdən biridir. Xalq inanclarına görə, bu çərşənbədə əsən yel torpağı oyadır, ağaclara, təbiətə və insanlara yeni nəfəs, yeni həyat gətirir. Bu baxımdan Yel çərşənbəsi xalqımızın təbiətə bağlılığını, yenilənmə və dirçəliş arzusunu özündə əks etdirən mühüm mərhələ kimi dəyərləndirilir. Sonda çıxış edənlər öz növbələrində başda şəhid ailələri olmaqla, bütün tədbir iştirakçılarını Yel çərşənbəsi münasibətilə ürəkdən təbrik edib, hər kəsə möhkəm cansağlığı, xoşbəxtlik, ailələrinə sevinc və firavanlıq arzulayıblar. Daha sonra tədbir mədəniyyət işçilərinin ifalarında bir-birindən gözəl xalq musiqilərimizin, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələrin səsləndirilməsi ilə davam etdirilib. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl isə öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.






























