Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda təhsilin keyfiyyəti və tərbiyə işinin təşkili diqqət mərkəzindədir

17 iyun 2026 | 19:28

         İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətini artırmaq, tərbiyə işinin səmərəliliyini yüksəltmək və məktəblərdə idarəetməni təkmilləşdirmək məqsədilə genişmiqyaslı monitorinqlər keçirilib.
         Monitorinqlərin nəticələrini müzakirə etmək məqsədilə məktəb direktorları ilə geniş tərkibli görüş təşkil edilib. Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Prokuroru Valeh Səmədov və Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili iştirak ediblər.
         Çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təhsil sahəsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq rayon məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının artırılması, davamiyyət, nizam-intizam və məktəblərdə sağlam mənəvi mühitin formalaşdırılması istiqamətində görülən işlərdən danışıb. O, monitorinqlərin nəticələrinin mövcud vəziyyətin obyektiv qiymətləndirilməsi və çatışmazlıqların aradan qaldırılması baxımından əhəmiyyətini qeyd edərək, təhsil müəssisələrinin rəhbərlərinə bu sahədə məsuliyyətlərini daha da artırmağı tövsiyə edib.
        Daha sonra çıxış edən İmişli Rayon Prokuroru Valeh Səmədov müzakirə olunan məsələlərin aktuallığını vurğulayaraq təhsil müəssisələrində qanunçuluq prinsiplərinə əməl olunmasının vacibliyindən danışıb. O, müəllim-şagird və müəllim-valideyn münasibətlərində qarşılıqlı hörmətin, etik davranış normalarının və məsuliyyət hissinin qorunmasının əhəmiyyətini qeyd edib.
        Çıxışların sonunda Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili keçirilən tədbirin tədrisin keyfiyyətinin yüksəldilməsi və tərbiyə işinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, monitorinq nəticələrinin müzakirəsinin məktəblərdə mövcud vəziyyətin düzgün qiymətləndirilməsinə və fəaliyyətin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb. Həmçinin tədbirin təşkilinə görə İmişli Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirərək, təhsil sahəsində qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinin vacibliyini qeyd edib.
        İmişli rayonunda təhsilin inkişafı və müasir standartlara cavab verən tədris mühitinin yaradılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.

Keçidlər