Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda Novruz şənliyi keçirilib

14 mart 2023 | 14:40
   Martın 14-də İmişli rayonunda ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən ümumrayon Novruz şənliyində şəhid ailələri, rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər.
  Şənlik başlamamışdan öncə bayram tonqalı qalanıb. Novruz şənliyində sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub. Parkın bir tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman numunələri ilə çıxış ediblər. Sonra icra başçısı xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə rayon ictimaiyyətini təbrik edib, xalqımıza bol ruzi-bərəkət və əminamanlıq arzulayıb. Mədəniyyət işçilərinin ifasında bir-birindən gözəl xalq musiqilərimiz, Novruz mərasimlərini, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələr səsləndirilib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları sakinlərdə xoş ovqat yaradıb.
  Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan bayram şənliyi sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini bir daha təbrik ediblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər