İmişli rayonunda növbəti onkoloji müayinələr keçirilib
10.06.2022-ci il tarixdə “Regional İnkişaf” İctimai Birliyi, Milli Onkologiya Mərkəzi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən birgə həyata keçirilən növbəti onkoloji müayinə aksiyası İmişli şəhərində baş tutub. Müayinələr İmişli Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.
Şişönü və şiş xəstəliklərinin erkən aşkarlanması və vaxtında dəqiq müayinə və müalicəsinin aparılması məqsədilə keçirilən aksiyadan, ümumilikdə 250-dən çox rayon sakini yararlanıb. Milli Onkologiya Mərkəzinin peşəkar həkim heyəti tərəfindən ultrasəs, rentgen, ginekoloji, mamoqrafiya, baş-boyun sahələri üzrə aparılan profilaktik onkoloji müayinələrin nəticələrindən asılı olaraq xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Mərkəzə dəvət edilib, digər patologiya aşkar edilən xəstələr isə müvafiq profilli xəstəxanalara yönləndiriliblər.