İmişli rayonunda fermerlərin subsidiya müraciətləri ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir
İmişli Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatı sahəsində dövlət dəstək mexanizmlərindən səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə fermerlərin subsidiya ilə bağlı maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.
İmişli Rayon İcra Hakimiyyəti Başçısının rayonun inzibati ərazi dairələri üzrə keçirdiyi səyyar qəbullar zamanı vətəndaşlarla görüşlər çərçivəsində subsidiya mexanizmləri, müraciət qaydaları və dövlət dəstəyi tədbirləri barədə ətraflı məlumat verilir. Görüşlər zamanı fermerlərin müraciətləri dinlənilir, onları maraqlandıran suallar cavablandırılır və aidiyyəti qurumlarla birgə zəruri izahatlar təqdim olunur.
Eyni zamanda, İmişli Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin "Subsidiya" informasiya sisteminə daxil edilməsində onlara metodiki və texniki dəstək göstərilir, sistemdən istifadə qaydaları ilə bağlı mütəmadi maarifləndirmə işləri aparılır.
Həyata keçirilən tədbirlər nəticəsində fermerlərin subsidiya mexanizmləri barədə məlumatlılığının artırılması, elektron müraciət prosesinin asanlaşdırılması və dövlət dəstəyindən daha səmərəli istifadə edilməsinə şərait yaradılır. İmişli Rayon İcra Hakimiyyəti bu istiqamətdə aidiyyəti qurumlarla birgə fəaliyyətini davam etdirir.






