Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda 27 sentyabr - Anım Günü qeyd olunub

27 sentyabr 2023 | 17:52
  Bu gün İmişli rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 sentyabr - Anım Günü qeyd olunub. Şəhidlər Xiyabanında baş tutan tədbirdə şəhid ailələri, İmişli RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, rayon ictimaiyyəti və sakinlər iştirak ediblər.
  İştirakçılar əvvəlcə şəhidlərimizin məzarlarına, sonra “Şəhidlər” abidəsinin, həmçinin Qələbə abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyublar. Tədbir başlamamışdan öncə Dövlət Himnimiz səsləndirilib və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən icra başçısı Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə Anım gününün qeyd olunmasının şəhidlərimizə göstərilən diqqət və qayğısının bariz nümunəsi olduğunu iştirakçıların nəzərinə çatdırıb. O bildirib ki, bu müharibə Azərbaycan xalqı, əsgər və zabitlərimizin şücaəti, cənab Prezidentimizin qətiyyətli addımları sayəsində düşmənə nəyə qadir olduğumuzu nümayiş etdirdi. Bu qələbə minlərlə şəhidimizin canı və qanı bahasına əldə olundu. Qazilərimizin şücaəti sayəsində biz doğma Şuşamıza Azərbaycan bayrağını sancdıq. İcra başçısı çıxışının sonunda şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir dilədi. Digər çıxış edənlər bu möhtəşəm Qələbənin xalqımızın həmrəyliyi, milli birliyi sayəsində əldə edildiyindən söhbət açıblar.
  Tədbir saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə yekunlaşıb.
 
 
 
 
 
 
 
 
 
Keçidlər