İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliği məqsədilə maarifləndirici tədbir keçirilmişdir
İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliği məqsədilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mirzə Quliyev,"Azərişıq" ASC-nin müvafiq struktur bölməsinin nümayəndələri, İmişli Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) məsul əməkdaşları, eləcə də aidiyyəti qurumların əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mirzə Quliyev çıxışında ətraf mühitin mühafizəsinin, tullantıların düzgün idarə edilməsinin və enerji resurslarından səmərəli istifadənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, istifadə olunmuş kağızların təkrar emala yönləndirilməsi təbii ehtiyatların qorunmasına, tullantıların həcminin azaldılmasına və ekoloji tarazlığın təmin edilməsinə mühüm töhfə verir. Həmçinin elektrik enerjisindən qənaətlə istifadə edilməsinin enerji resurslarının səmərəli idarə olunmasına, ətraf mühitin qorunmasına və hər bir vətəndaşda məsuliyyətli istehlak vərdişlərinin formalaşmasına xidmət etdiyi diqqətə çatdırılmışdır.
Sonra çıxış edən İmişli Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi məişət tullantılarının çeşidlənməsi və istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsinin əhəmiyyətindən danışaraq bu sahədə əhali arasında maarifləndirmə işinin davamlı aparılmasının vacibliyini qeyd etmişdir.
"Azərişıq" ASC-nin nümayəndəsi isə elektrik enerjisindən qənaətlə istifadənin yolları barədə ətraflı məlumat vermiş, enerjiyə qənaət edən texnologiyaların tətbiqi, elektrik cihazlarından səmərəli istifadə və enerji itkilərinin minimuma endirilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış, istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadə sahəsində maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.






