Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli Rayon İcra Hakimiyyəti tərəfindən həssas əhali qruplarının sağlam qidalanmasına dair maarifləndirmə tədbiri keçirilmişdir

04 may 2026 | 18:04

         Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin icrası məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsinə həsr olunmuş maarifləndirmə tədbiri həyata keçirilmişdir.
         Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yerli səhiyyə müəssisələrinin həkimləri, pediatrlar, ginekoloqlar, eləcə də rayonda yaşayan analar və hamilə qadınlar iştirak etmişlər. Görüşün əsas məqsədi risk qrupuna daxil olan sakinlərin sağlam və balanslaşdırılmış qida vərdişlərinə yiyələnməsini təşviq etmək və dövlət proqramından irəli gələn pilot layihələrin rayonda uğurlu icrasını təmin etmək olmuşdur.
         Toplantıda çıxış edən İcra Hakimiyyətinin nümayəndələri və tibb mütəxəssisləri vurğulamışlar ki, uşaqların və hamilə qadınların düzgün qidalanması birbaşa gələcək nəsillərin genofondunun qorunmasına xidmət edir. Hamiləlik dövründə ana bətnindəki dölün sağlam inkişafı, uşaq yaşlarında isə həm fiziki, həm də zehni aktivliyin yüksək olması üçün rasionun vitamin və minerallarla zənginləşdirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
         Tədbir zamanı iştirakçılara qida məhsullarının sanitar-gigiyenik qaydalara uyğun saxlanılması, keyfiyyətli və zənginləşdirilmiş (fortifikasiya olunmuş) məhsullardan istifadə qaydaları barədə ətraflı məlumat verilmişdir. Sakinlərin sualları mütəxəssislər tərəfindən cavablandırıldıqdan sonra onlara maarifləndirici broşürlər paylanılmışdır. İcra Hakimiyyəti tərəfindən rayonda əhalinin sağlamlığının qorunması məqsədilə bu qəbildən olan layihə və tədbirlərin gələcəkdə də mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər