Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

21 may 2025 | 18:31
   May ayının 21-də İmişli Rayon Ağsaqqallar Şurasının növbədənkənar seçki konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Şuranın Aparat rəhbəri Ramin Həsənli və baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, eləcə də rayon ağsaqqalları və ziyalıları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
   Giriş nitqi ilə çıxış edən professor Vahid Novruzov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından salamlayıb. Bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatları üçün nəzərdə tutulmuş Əsasnaməyə görə zəruri hallarda İdarə Heyətinin və ya üzvlərin 1/3-nin təşəbbüsü, yaxud Azərbaycan Ağsaqqallar Şurasının təklifi ilə növbədənkənar konfrans çağırıla bilər. İmişlidəki məlum hadisələrdən sonra bu konfrans Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü ilə keçirilir. Sonra konfransın aparılması üçün sədr və katib seçilib, gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb. İclasın sədri gündəlikdəki məsələlərin İmişli Rayon Ağsaqqallar Şurasına sədrin, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
   Konfransda çıxış edənlər tərəfindən İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə əməkdar müəllim Ramiz Əmirovun namizədliyi irəli sürülüb. Vurğulanıb ki, təqaüdçü, əməkdar müəllim, uzun illər rayon təhsil şöbəsinin müdiri işləmiş və 2021-2024-cü illərdə İmişli Rayon Ağsaqqallar Şurasına sədrlik etmiş Ramiz Əmirov bu vəzifəyə ən layiqli namizəddir. Sonra açıq səsvermə yolu ilə Ramiz Əmirov İmişli Rayon Ağsaqqallar Şurasına sədr seçilib. Daha sonra Ramiz Əmirovun təqdimatı ilə Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə sıralarında rayonun nüfuzlu ağsaqqallarının, ziyalılarının, eləcə də şəhid valideynlərinin, din xadimlərinin olduğu 11 nəfərin və Təftiş Komissiyasına 3 nəfərin namizədliyi irəli sürülüb. Açıq səsvermə yolu ilə İmişli Rayon Ağsaqqallar Şurasının yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. Eləcə də İdarə Heyətinin üzvləri arasından Şahsuvar Əmirahov və Bakir Əliyev sədr müavinləri seçiliblər.
   Çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təşkilatın yeni sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, ağsaqqallar hər zaman ölkəmizin, eləcə də İmişli rayonunun ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayıblar. Gənclərimizin maarifləndirilməsində, onların zərərli vərdişlərdən uzaqlaşdırılmasında və digər aktual məsələlərin həllində yaxından iştirak edərək öz təcrübə və bacarıqlarını əsirgəməyiblər. Professor Vahid Novruzov da yeni seçilən sədri və heyəti təbrik edərək onlara məsuliyyətli və şərəfli vəzifələrində uğurlar diləyib.
Konfransda İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov ona və yeni seçilən heyətə göstərilən etimada görə minnətdarlığını ifadə edərək, təşkilatın uğurlu fəaliyyəti üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb.
    Sonda xatirə şəkli çəkilib.
Keçidlər