“İmişli PFK” ev oyununda “Baku Sporting” futbol klubu ilə üz-üzə gəlib
16 may 2025 | 19:23
Mayın 16-da Heydər Əliyev adına İmişli şəhər stadionunda futbol azarkeşləri yenidən bir araya gəlib. Belə ki, Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 26-cı turunun oyununda “İmişli PFK” doğma meydanda “Baku Sporting” futbol klubu ilə üz-üzə gəlib. Oyunu izləməyə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və çoxsaylı azarkeşlər qatılıb. Oyun başlamazdan əvvəl Dövlət Himni səsləndirilib, sevilən müğənnilərin ifalarında bir-birindən gözəl nəğmələr ifa edilib.
Oyun öncəsi çıxış edənlər ölkədə idmanın inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində ölkəmizdə güclü idman infrastrukturu formalaşıb. Bu siyasətin həm paytaxtda, həm də regionlarda idmanın inkişafına geniş imkanlar açdığı bildirilib. Sonra futbol sahəsindəki nailiyyətlərinə görə bəzi idmançılar icra başçısının “Fəxri Fərman”ı ilə təltif edilib və komandaların görüşü izlənilib. İzdihamlı azarkeş dəstəyi və yüksək idman əhval-ruhiyyəsi ilə yaddaqalan yarış 0:0 hesablı heç-heçə ilə bitib.
Xatırladaq ki, “İmişli PFK” FK 2024/25 mövsümündə Azərbaycan Birinci Divizionunda uğurlu çıxış edərək Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.


