Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdə olub

03 iyul 2025 | 16:52
    İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25–29 iyun 2025-ci il tarixlərində Özbəkistan Respublikasında rəsmi səfərdə olub. Səfər Özbəkistan tərəfinin rəsmi dəvəti əsasında baş tutub.
   Səfər çərçivəsində nümayəndə heyətimiz 25 may – 29 iyun tarixlərində Özbəkistan Respublikasının Namangan vilayətində keçirilən “64-cü Beynəlxalq Gül Festivalı”nda fəxri qonaq qismində iştirak ediblər. İmişli nümayəndə heyəti səfərin ilk günündə Daşkənd şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkı və ümummilli liderin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuşdur.
    Daha sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Namangan vilayətinin rəhbəri Şafkat Abdurazakovla rəsmi görüş keçirib. Görüş zamanı tərəflər iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Tərəflər arasında aparılan danışıqlarda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ortaq tarixə, etnik və mənəvi dəyərlərə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin bu gün regionda nümunəvi əməkdaşlıq modeli kimi çıxış etdiyi xüsusi vurğulanıb. Bu baxımdan, İmişli rayonu ilə Namangan vilayəti arasında qurulan qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin xüsusi önəm daşıdığı diqqətə çatdırılıb. Rəsmi görüş zamanı, 12 iyul 2024-cü il tarixində Özbəkistan Respublikasının “TST Textile Group” MMC şirkəti ilə İmişli Rayon İcra Hakimiyyəti arasında imzalanmış müqavilənin icra vəziyyəti müzakirə olunub. Həmin müqaviləyə əsasən, İmişli rayonunda pambığın əkilməsi, pambıq emalı, eləcə də pambıq yağı zavodunun yaradılması məqsədilə şirkətə 5826,0 hektar təsərrüfat sahəsi uzunmüddətli icarə əsasında təqdim edilmişdir. Görüşdə bu ərazidə aparılan mövcud işlər, layihənin mərhələli şəkildə icrası və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
    Səfərin növbəti günündə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və rəhbərlik etdiyi nümayəndə heyəti Namangan şəhərində keçirilən “64-cü Beynəlxalq Gül Festivalı”nda iştirak etmişdir. Festival çərçivəsində nümayəndə heyəti müxtəlif ölkələrdən təqdim olunan gözoxşayan gül kompozisiyaları, dekorativ-sənətkarlıq nümunələri, həmçinin zəngin mədəniyyət proqramları ilə tanış olmuşdur. Tədbir boyu nümayiş olunan bənzərsiz gül sərgiləri və estetik zövqlə tərtib edilmiş ekspozisiyalar iştirakçılarda dərin təəssürat yaratmışdır. İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tədbirin yüksək səviyyədə təşkilinə görə Özbəkistan tərəfinə minnətdarlığını bildirmiş, bu cür festivalların xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynadığını qeyd etmişdir.
    Qeyd olunmalıdır ki, Beynəlxalq Gül Festivalı Namangan vilayətinin mədəni və turizm potensialını beynəlxalq səviyyədə nümayiş etdirməklə yanaşı, həm də regionlararası əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edir. Eyni zamanda İmişli nümayəndə heyətinin bu mötəbər tədbirdə iştirakı Azərbaycan ilə Özbəkistan arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın gücləndirilməsinə, qarşılıqlı sərmayə qoyuluşuna mühüm töhfə verməkdədir. İki qardaş dövlətin ortaq məqsədlərə əsaslanan davamlı iqtisadi tərəfdaşlığı həm xalqlarımızın rifahına, həm də regionda sabitliyin və firavanlığın möhkəmlənməsinə xidmət edir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər