İcra başçısı “Son zəng”də iştirak edib
14 iyun 2023 | 17:06
İyunun 14-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev İmişli şəhərində yerləşən A.Eminov adına 7 saylı tam orta məktəbdə təşkil olunan “Son zəng” tədbirində iştirak edib. Tədbirdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Mil-Muğan Regional Məşğulluq filialının müdiri İlham Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb rəhbərliyi, məzunlar, valideyn və şagirdlər iştirak ediblər.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən İmişli RİH başçısı Elçin Rzayev “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb. Məzunların həyatında yeni mərhələnin açıldığını deyən icra başçısı onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib. Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Həmçinin, tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə Fəxri fərman və diplomlar verilib. Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. Sonda “Son zəng” çalınıb.