İcra başçısı növbəti səyyar görüşünü Ölcələr, Yuxarı Qaralar və Soltanmuradlı kənd sakinləri ilə keçirib
17 oktyabr 2023 | 17:52
Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar qəbulu rayonun Ölcələr, Yuxarı Qaralar və Soltanmuradlı kənd sakinləri ilə baş tutub. Görüşdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbul başlamamışdan öncə Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib. Çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən artıq 20 il ötdüyünü qeyd edib. Ölkə Prezidentinin düşünülmüş, məqsədyönlü siyasəti sayəsində müstəqil Azərbaycanın bu gün bütün sahələrdə inkişaf etdiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib sərkərdə, dövlətimizin qalib dövlət kimi tanındığını vurğulayıb. İcra başçısı həmçinin Azərbaycanın bütün ərazisində Konstitusiya quruluşunun bərpa edilməsi münasibətilə sakinləri ürəkdən təbrik edib. Sonra qəbula gələn vətəndaşların qaldırdıqları müraciətlər dinlənilib. Qəbulda ayrı-ayrı sahələrə dair sakinlər tərəfindən səsləndirilən bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər məsələlərin həlli tapşırıq əsasında aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb.