İcra başçısı minaya düşərək yaralanan Rəşad Məmmədovu evində ziyarət edib
16 mart 2026 | 17:49
Martın 16-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayonun ictimaiyyət nümayəndələri ilə birgə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli qəlpə yaraları alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı, İmişli rayonunun Şahverdili kənd sakini, Məmmədov Rəşad Nəriman oğlunu yaşadığı ünvanda ziyarət ediblər.
Ziyarət zamanı icra başçısı yaralanmış R.Məmmədovun səhhəti barədə ətraflı məlumat alıb, tezliklə sağalmasını arzulayıb və İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından ona şəfa diləyib. O, həmçinin ailə üzvləri ilə söhbət edərək onların qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Rəşad Məmmədovun ailə üzvləri isə göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, Rəşad Məmmədov Çernobıl əlili Nəriman Məmmədovun oğludur.






