İcra başçısı Aranlı kəndində şəhid anasının yas mərasimində iştirak edib
12 fevral 2024 | 17:25
Fevralın 12-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid Yusif Sadatxanovun anası Bəsti Sadatxanovanın rayonun Aranlı kəndində keçirilən yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinə şəhid anasının vəfatından kədərləndiyini bildirərək İmişli Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib. RİH-nin başçısı həmçinin şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Şəhidimizin ailə üzvləri xüsusi qayğıya görə rayon rəhbərinə və gələn digər qonaqlara minnətdarlığını ifadə ediblər.
Sonra icra başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəbin yeni inşa olunmuş binasına baxış keçirib. Rayon rəhbəri Prezident cənab İlham Əliyevin qayğısı sayəsində reallaşan çoxsaylı layihələrin, həyata keçirilən tədbirlərin, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımların, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsinin bütün bölgələrimizlə yanaşı İmişli rayonunu da əhatə etdiyini bildirib. Eyni zamanda şəhidimizin adını daşıyan məktəbin sökülərək yenidən inşa olunmasını dövlətin şəhid ailələrinə olan qayğısının bariz nümunəsi kimi qiymətləndirib.
Xatırladaq ki, şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəbində aparılan işlərlə yanaşı rayonun Yalavac kənd tam orta məktəbinin binasında da əsaslı təmir-bərpa işləri görülür və rayonun digər təhsil müəssisələrinin də mərhələli şəkildə müsir standartlara uyğun yenilənməsi üçün işlər davam etdirilir.