İcra başçısı 100 illik yubileyi münasibətilə İmişli rayonunun Qaralar kənd sakinini evində ziyarət edib
İyulun 1-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev əslən Qərbi Azərbaycanın Vedi rayonundan olan və oradan köçürüləndən bəri İmişli rayonunun Qaralar kəndində yaşayan Məmmədova Gülüsüm Hüseyn qızını anadan olmasının 100 illiyi münasibətilə yaşadığı ünvanda ziyarət edib.
Səmimi mühitdə keçən görüşdə icra başçısı Gülüsüm Məmmədovanı əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayıb. Bildirib ki, uzun və mənalı ömür yolu keçmiş ağsaqqal və ahıl insanların həyat təcrübəsi, zəngin həyat yolu, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm əhəmiyyət daşıyır və dövlət tərəfindən yaşlı nəslin nümayəndələrinə daim xüsusi diqqət və qayğı göstərilir.
Məlumat üçün bildiririk ki, Gülüsüm Məmmədova Qərbi Azərbaycanın tarixi torpaqlarından olan Vedi rayonundan 1949-cu ildə köçürülən azərbaycanlılardandır. Ömrünün bir əsrini arxada qoyan yubilyar ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, ölkəmizdə yaşlı insanlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.






