Həzi Aslanov küçəsində aparılan yenidən qurma işləri davam etdirilir
26 dekabr 2025 | 16:54
İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində avtomobil yollarının yenidən qurulması davam etdirilir. Belə ki, növbəti asfaltlaşma işləri İmişli şəhərində Həzi Aslanov küçəsinin avtomobil yollarında aparılıb. Sözügedən avtomobil yolunda layihə üzrə həyata keçirilən yenidənqurma işləri çərçivəsində torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb, daha sonra yola yeni asfalt örtüyü çəkilib. Bütün işlər yüksək keyfiyyətlə, tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət edilməklə aparılıb. Eyni zamanda, layihə çərçivəsində Həzi Aslanov küçəsində yolayrıcı zolağ inşa edilib. Görülən işlər yol elementlərinin tələb olunan ölçülərinin müvafiq normalarına uyğun nəzərə alınmaqla aparılıb və hərəkət zolaqlarının ölçüləri normativ qaydaların tələblərinə uyğun saxlanılıb. Bundan əlavə, ayrıc zolağında müasir işıqlandırma sistemi planlaşdırılıb. Bu, yolun təhlükəsizliyini artırmaqla yanaşı, həm də şəhərin daha estetik və müasir bir görkəm almasına şərait yaradacaqdır. İşıqlandırma sisteminin qurulması, gecə vaxtı da nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edəcək və piyadaların da rahat şəkildə hərəkət etmələrinə imkan yaradacaq.
Qeyd edək ki, görülən işlər şəhər ərazisinin daha da müasirləşdirilməsi və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır.






