Hacırüstəmli kəndində vətəndaşlarla səyyar görüş keçirilib
07 sentyabr 2022 | 10:34
Cənab prezident İlham Əliyevin səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız, bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz” fikirləri bir daha onu sübut edir ki, vətəndaş amili, vətəndaş məmnunluğu hər zaman dövlət siyasətinin əsasını təşkil edir. İmişli rayonunda da ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin problemlərinin yerində həlli məqsədilə görüşlər keçirilir. Belə ki, RİH başçısı Elçin Rzayevin növbəti səyyar görüşü ötən gün rayonun Hacırüstəmli kənd sakinləri ilə keçirilib. Səyyar görüşdə icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra çıxış edən icra başçısı vətəndaş məmnunluğunu təmin etməyin hər kəsin borcu olduğunu bildirib. İcra başçısı bu günə kimi şəhər, qəsəbə və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Daha sonra icra başçısı sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş edib. Qəbula gələn sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilib, onları narahat edən məsələlərin və problemlərinin həlli yolu araşdırılıb.