Şriftin ölçüsü :

Saytın rəngi :

Əkin sahələrinin sığorta mövsümü başlayıb - Aqrar Sığorta Fondu fermerlərə çağırış edib

15 oktyabr 2024 | 17:20
   Azərbaycanda 2024-2025-ci il əkin mövsümünün başlanması ilə əlaqədar əkin sahələrinin sığortalanmasına start verilib. Sentyabr ayından etibarən Azərbaycanda payızlıq əkinlərin bəyanına başlanılıb. Əkin sahələrinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyanı ilin sonunadək davam edəcək. Əkinlərin bəyan edilməsi ilə eyni vaxtda payızlıq əkin sahələrinin sığortalanmasına da start verilib. Fermerlər əkinlərini EKTİS-də bəyan etdikdən sonra sahələrini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən sığorta edə bilərlər.
   Aqrar Sığorta Fondu fermerləri əkin sahələrini vaxtında sığortalamağa və sığorta müqaviləsi əldə etməyə çağırır. Qeyd edək ki, ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən dolu, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, yanğın, üçüncü şəxslərin hərəkətləri və sair hadisələrdən sığortalayır. Aqrar sığorta tarifləri, təbiət və iqlim xüsusiyyətləri səbəbindən ölkənin müxtəlif regionları üzrə fərqlidir. Sığorta haqqının 50%-i isə fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə əkin sahələrinin sığortası olduqca sərfəli və əlçatan olur. 1 hektar taxıl sahəsinin və ya 1000 manatlıq taxıl məhsulunun sığortalanması fermerə cüzi məbləğə, təqribən 8-20 manata başa gəlir.
    Sığorta prosesində fermerlərə dəstək olmaq məqsədilə əkin sahəsini bəyan etmiş fermerlərə Aqrar Sığorta Fondundan müvafiq SMS göndərilir. Burada əkin sahəsinin sığorta haqqı və nəzərdə tutulan məhsuldarlıq göstərilir. Əgər fermerin nəzərdə tutduğu məhsuldarlıq göstəricisi SMS-də göstəriləndən fərqli olarsa, fermer bu barədə Fonda müraciət edərək sığorta müqaviləsində məhsuldarlığı dəyişə bilər. Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, sahələrini sığortalayan fermerlərin sayı və sığortanın əhatə etdiyi əkin sahələrinin miqyası sürətlə artır: «Artıq minlərlə fermer dövlətin yaratdığı bu imkandan istifadə etməkdə və faydalanmaqdadır. Ölkədə sığortalanan əkinlərin sahəsi 400 min hektarı keçib”.
    Fond sədri bildirib ki, bəzi hallarda fermerlər əkin işlərini sentyabr-oktyabrda apardıqları halda, sığortalanma prosesini dekabr ayına qədər ləngidirlər, bu hal isə onların zərərlə üzləşməsinə səbəb olur: «Sentyabrda bəyan olunan əkinlər bəzən dekabrın sonunda sığortalanır. Nəticədə əkinlər bir neçə ay sığortasız qalır ki, bu da əkin sahəsinin həmin vaxt baş verə biləcək hadisələr qarşısında təminatsız olması deməkdir. Sığortasız dövrdə baş verən zərərləri isə kompensasiya etmək mümkün olmur». Bunu nəzərə alaraq Aqrar Sığorta Fondu fermerləri baş verə biləcək hadisələrdən qorunmaq üçün əkin sahələrini vaxtında sığorta etməyə çağırır.
    Fermerlər öz əkin sahələri üzrə sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablaya bilərlər. Aqrar Sığorta Fondu indiyədək baş verən sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ilin ilk 8 ayında isə 3,3 milyon manat sığorta ödənişi həyata keçirib. Qarşıdakı aylarda sığorta ödənişlərinin daha da artacağı gözlənilir. Fermerlər əkin sahələrini sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 qısa nömrəsinə zəng edib, müqavilə bağlaya bilərlər.
Keçidlər